Rusiyanın mərhum müxalifət lideri Aleksey Navalnı bir dəfə demişdi ki, Ukraynanın 2014-cü ildən Rusiyanın nəzarətində olan Krım yarımadası əldən-ələ ötürüləcək "sendviç" deyil.
Rusiyanın davam edən işğalçı müharibəsinə son qoymağa yönəlmiş gərgin diplomatik səylər fonunda Krımın taleyi yenidən sual altındadır.
Avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb ki, Ukrayna üçün Krımı geri qaytarmaq mümkün deyil.
Moskva da həmçinin yarımadanın statusunun artıq həll olunduğunu iddia edir və 2014-cü ildə keçirilmiş referendumun ardınca Krımın ilhaqının tanınmasına çalışır. Beynəlxalq ictimaiyyət həmin referendumun saxta olduğunu bəyan etmiş və qınamışdı.
Yarımadanın tarixinə nəzər saldıqda aydın olur ki, onun kimə məxsus olması son bir neçə əsrdə dəfələrlə dəyişib. 1783-cü ildə, Yekaterinanın (II Yekaterina) dövründə Rusiya imperiyası Krım xanlığını rəsmi olaraq ilhaq edib.
1917-ci ildə Rusiya imperiyası dağıldıqdan sonra qısamüddətli Krım Xalq Respublikası elan edilib, lakin tezliklə, əsasən, bolşeviklərin nəzarətində olan Rusiyanın Qara dəniz donanmasının qüvvələri tərəfindən işğala məruz qalıb.
Birinci Dünya müharibəsi, Rusiya vətəndaş müharibəsi və Ukraynanın müstəqillik uğrunda müharibəsi davam edərkən, növbəti bir neçə il ərzində Krım müxtəlif vaxtlarda Fransadan və Yunanıstandan olan müttəfiq qoşunlarının, həmçinin Qırmızı və Ağ Rusiya ordularının nəzarətində olub. Nəhayət, 1920-ci ilin noyabrında yarımada bolşevik qüvvələri tərəfindən ələ keçirilib.
Alman işğalı istisna olmaqla, Krım SSRİ daxilində Rusiyanın bir hissəsi olaraq qalıb və yalnız 1954-cü ildə sovet lideri Nikita Xruşşov onu Ukrayna Sovet Sosialist Respublikasına verib.
Sovet İttifaqının dağılması və referendumlar
Əsasən etnik rusların yaşadığı Krım 1991-ci ildə SSRİ dağıldıqdan sonra Ukrayna müstəqillik qazandığı zaman onun tərkibində qalıb.
1991-ci ilin dekabrında Ukraynanın müstəqillik referendumunda iştirak edən krımlıların cüzi çoxluğu - 54 faiz, o cümlədən xüsusi idarəetməsi olan Sevastopol şəhərində 57 faiz Ukraynanın SSRİ-dən ayrılmasının lehinə səs verib.
1994-cü ildə keçirilən referendumda krımlıların əksəriyyəti bir sıra tədbirlərin, o cümlədən yarımadaya Ukrayna daxilində daha geniş muxtariyyət verilməsi və sakinlər üçün ikili – Rusiya və Ukrayna vətəndaşlığının tətbiqinin lehinə səs verib. Lakin bu tədbirlər həyata keçirilməyib, çünki Ukrayna parlamentinin yuxarı palatası 1999-cu ildə qüvvəyə minən yeni konstitusiya ilə Krım Konstitusiyasını və Krım prezidenti vəzifəsini ləğv edib.
Ukraynanın tərkibində olduğu müddətdə Krım Rusiyanın Qara dəniz donanmasına ev sahibliyi etməyə davam edib. Donanmanın qərargahı Sevastopolda yerləşirdi və Rusiya obyektləri icarə əsasında istifadə edirdi. İcarə müqaviləsinin şərtlərinə görə, Rusiya Ukraynanın suverenliyinə hörmət etməyi, onun qanunvericiliyinə riayət etməyi və Ukraynanın daxili işlərinə qarışmamağı öhdəsinə götürmüşdü.
Buna baxmayaraq, donanma qüvvələri 2014-cü ilin fevralında yarımadanın hərbi yolla ələ keçirilməsində ciddi rol oynayıb. Bunun ardınca Rusiya yarımadada BMT Baş Assambleyasının qanunsuz elan etdiyi referendumu keçirib. 2014-cü ilin martında isə Rusiya yarımadanın rəsmi ilhaqını bəyan edib ki, bu da beynəlxalq ictimaiyyətin qınaması və sanksiyalarla nəticələnib.
İlhaqdan bəri Rusiya Krımın statusunun müzakirə mövzusu olmadığını bildirir. Son məlumatlara görə, Putin Alyaskada Trampla görüşündə deyib ki, Ukraynada işğalçı müharibəyə son qoyacaq sülh sazişi, digər tələblərlə yanaşı, yarımadanın ilhaqının tanınmasına əsaslanacaq.
Ukrayna prezidenti Volodimir Zelenski isə bəyan edib ki, Ukrayna yarımadanın Rusiya tərəfindən ilhaqının qanuni olduğunu qəbul etməyəcək və Ukrayna konstitusiyası yalnız ümumxalq referendumuyla ərazi verilməsinə imkan verir. Tramp isə bu ilin əvvəlində demişdi ki, "heç kim Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımasını tələb etmir".
Digər tərəfdən, ABŞ potensial sülh sazişi çərçivəsində bunu edən ilk və yaxın gələcəkdə, yəqin ki, yeganə Qərb ölkəsi ola bilər. Adı açıqlanmayan mənbələr bildirib ki, hazırkı Tramp administrasiyası bu addıma açıq ola bilər və hətta Tramp özü ilk prezidentlik dövründə, Rusiyanın genişmiqyaslı işğalından əvvəl bildirmişdi ki, bunu nəzərdən keçirə bilər.
Yazını AzadlıqRadiosunun jurnalisti İvan Qutterman hazırlayıb.