Kiril Nısanbayev 2023-cü ilin payızında vətəni Qazaxıstanda hərbi xidmətini başa vurduqdan sonra işləmək üçün Rusiyaya gedib. Nısanbayevin böyüdüyü Rudnı şəhəri Rusiyadan 100 kilometr məsafədə yerləşir və yerli əhalinin qonşu ölkədə iş axtarması qeyri-adi hal deyil.
Getdikdən cəmi bir neçə ay sonra Nısanbayev Rusiyanın fabrikdə işlədiyi Çelyabinsk şəhərindəki miqrantların saxlanma məntəqəsindən ailəsinə zəng edib.
"O, oğurluq hadisəsi ilə bağlı saxlanıldığını dedi. Mənə dedi ki, təcridxanada rus zabitləri onu döyüb və Ukraynada döyüşmək üçün müqavilə bağlamağa məcbur ediblər", - Nısanbayevin əkiz bacısı Kamilla AzadlıqRadiosuna deyib.
Kamillanın sözlərinə görə, Nısanbayev ailəsinə bildirib ki, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq üçün saxlanılanlara işgəncə verir və onları hədələyirlər. Məqsəd isə bu şəxsləri Ukraynadakı müharibəyə göndərməkdir.
2025-ci ilin martında Nısanbayev Ukraynanın Donetsk vilayətində gedən döyüşlərdə öldürülüb. Lakin ailəsi onun ölümündən yalnız iyunda xəbər tutub. Kamilla deyib ki, ailə Nısanbayevi Çelyabinskdə dəfn etmək barədə çətin bir qərar qəbul etməyə məcbur olub. Qazaxıstan hakimiyyəti Kirilə qarşı muzdluluq ittihamı ilə cinayət işi açıbmış.
"Rudnı polisi bizə dedi ki, meyiti evə gətirsək, bütün ailəyə qarşı istintaq başlayacaq və bu, ən azı bir il çəkəcək", - Kamilla bildirib. "Polis bizə dedi ki, "Yaxşısı budur, onu Rusiyada basdırıb bizə fotosübut göndərəsiniz və bununla biz də meyitin gizli yolla Qazaxıstana gətirmədiyinizə əmin olaq'".
Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri öz vətəndaşlarına Rusiyanın Ukraynadakı müharibəsində iştirak etməmək barədə dəfələrlə xəbərdarlıq edib. Onlara bu müharibədə iştirak edəcəkləri təqdirdə öz ölkələrində muzdlu xidmətə görə ittihamlarla üzləşəcəkləri barədə məlumat verilib.
Lakin Rusiya Ukraynada tükənən qüvvələrini əvəzləmək, ölən əsgərlərin yerini doldurmaq üçün Mərkəzi Asiya vətəndaşlarını orduya cəlb etməyə davam edir. Rusiya keçmiş sovet regionundan olan milyonlarla işçi miqrantı qəbul edir.
Sağ qalanlar, orduya cəlb olunanların qohumları və hüquq müdafiəçiləri deyirlər ki, Rusiya hakimiyyəti Mərkəzi Asiyadan olan miqrantları və məhkumları hərbi xidmətə cəlb etmək üçün müxtəlif üsullardan - şirnikləndirmədən tutmuş, işgəncə və hədələrə qədər istifadə edir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Rusiyada orta asiyalıları müharibəyə cəlb etmək üçün vətəndaşlıq vəd edirlər
Türkmən muzdluları Ukraynanı tərk etməyə qoymayıblar
Rusiya ordusuna qatılan və Ukraynaya göndərilən mərkəzi asiyalıların dəqiq sayı bilinmir.
Rusiya əsgərlərinin Ukraynaya təhlükəsiz təslim olması üçün platforma təklif edən "Yaşamaq istəyirəm" layihəsi onların sayının minlərlə olduğunu bildirib. Layihə tez-tez xarici muzdluların siyahısını dərc edir. "Yaşamaq istəyirəm" 2025-ci ilin əvvəlində Rusiya qoşunlarının sıralarında döyüşən 2 mindən çox Özbəkistan və 930-dan çox Tacikistanın vətəndaşının adları olan siyahılar əldə etdiyini bildirib.
İyulda isə layihə iddia edib ki, təkcə bu ilin ilk altı ayında 529 Qazaxıstan və 327 Qırğızıstan vətəndaşı Ukraynada döyüşmək üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.
Rusiya qüvvələrinə qoşulan Qırğızıstan vətəndaşlarının sayında kəskin artım olduğu iddia olunub. Layihənin siyahısına görə, 2023 və 2024-cü illərdə Rusiya ordusunda Qırğızıstandan olanların ümumi sayı 360-a yaxın olub. Apreldə Bişkek bildirib ki, ölkənin hüquq-mühafizə orqanları Qırğızıstan vətəndaşlarını Rusiya ordusuna cəlb etməkdə şübhəli bilinən dörd nəfəri, o cümlədən Rusiya dövlət qurumunun əməkdaşını saxlayıb.
"Yaşamaq istəyirəm" layihəsi Türkmənistan vətəndaşlarının siyahısını təqdim etməyib. Lakin layihə bu yaxınlarda bildirib ki, Rusiya komandirləri müqavilələri bitdikdən sonra ən azı 68 türkmən muzdlusunun Ukraynanı tərk etməsinə mane olub.
AzadlıqRadiosu "Yaşamaq istəyirəm" layihəsinin dərc etdiyi adları və rəqəmləri müstəqil şəkildə yoxlaya bilmir. Kiyev bildirir ki, post-sovet regionundan, eləcə də Çin, Pakistan, Hindistan və bəzi Afrika dövlətlərindən olan "muzdlu əsgərlər" Rusiya qüvvələrinin sırasında Ukraynada döyüşür.
"Müharibəyə getsəniz, borcunuzu silərik"
Rusiya ordusunun 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsi başlayandan bəri Rusiya hakimiyyətinin Mərkəzi Asiyadan olan miqrantları, saxlanılanları və məhkumları Rusiya ordusuna cəlb etmək üçün hədəf aldığı barədə çox sayda məlumat və iddialar var.
Rusiya polisi iş yerlərində, yataqxanalarda və məscidlərdə miqrantlara qarşı reydləri gücləndirib.
Şahidlərin, fəalların və cəlb olunan şəxslərin yaxınlarının dediyinə görə, polis sənədsiz miqrantları, yaşayış və ya iş icazəsinin vaxtı keçmiş miqrantları hədəf alır. Onlar həbs və deportasiya ilə hədələnir.
Moskvada Saxarovo miqrasiya mərkəzi
AzadlıqRadiosuna danışan Özbəkistan vətəndaşı olan işçi miqrant Yusif deyib ki, o, apreldə Moskvada reyd zamanı saxlanılıb. Yusifin sözlərinə görə, polis ona Ukraynadakı Rusiya qoşunlarına qoşulmalı olduğunu açıq şəkildə deyib.
"Mən onlara bildirdim ki, Özbəkistan vətəndaşıyam və məndən Rusiya ordusunda xidmət etmək tələb oluna bilməz. Sonra sənədlərimi yoxladılar və Rusiya bankına kredit borcumun olduğunu öyrəndilər. Təklif etdilər ki, 'kreditinizi siləcəyik və siz döyüşə gedəcəksiniz'", - Yusif deyib.
O, saxlanılarkən polis zorakılığına məruz qaldığını da bildirib.
Yusif Özbəkistan səfirliyinə şikayət edəcəyini dedikdən sonra onu sərbəst buraxıblar.
Rusiya orduya məhkumları cəlb edir
Tacikistanın şimalındakı Suğd vilayətinin adının açıqlanmasını istəməyən sakini AzadlıqRadiosuna bildirib ki, Rusiya həbsxanasında olan 37 yaşlı əmisi oğlu Ukraynada döyüşmək üçün orduya cəlb edilib. Qadın əmisi oğlunun oğurluğa görə 2019-cu ildən həbsdə olduğunu bildirib.
"O, altı ay Ukraynada döyüşdükdən sonra Suğda qayıdıb. Gələndə dedi ki, onun haqqında cinayət işi ləğv edilib və döyüşə getdiyi üçün də pul verilib", - qadın bildirib. "Biz onun azad olunmasına sevinirik, amma cəmiyyət üçün bunun yaxşı olub-olmadığından əmin deyiləm".
Müharibə başlayandan bəri Rusiya şərti azadlığa çıxmaq və pul müqabilində on minlərlə məhbusu hərbi xidmətə cəlb edib. Onların arasında Mərkəzi Asiya vətəndaşları da var.
Məhkumların, onların qohumlarının və insan haqları qruplarının çoxsaylı açıqlamaları göstərir ki, Rusiya rəsmiləri məhbusları hərbi xidmətə qoşulmağa məcbur etmək üçün həbsxana şəraitini dözülməz dərəcədə sərt və qeyri-insani vəziyyətə gətirir.
Ukraynada öldürülən əkiz qardaşını yasını tutan Kamilla deyib: "Düşünürəm ki, insanlar Rusiyaya getməməlidir. Çoxları öz istəyi ilə Rusiyaya gedir və sonra başlarına gələnlərdən şikayətlənir. Mən onlara xəbərdarlıq edirəm ki, Rusiyaya getməyin".
Yazını AzadlıqRadiosunun Mərkəzi Asiya xidməti və "Current Time" hazırlayıb.