Avropada Rusiya təxribatları dörd dəfə artıb - Hesabat

Baltik ölkələri sualtı fiber-optik kabellərin zədələndiyi bir sıra insidentlərdən sonra dənizdə patrul xidmətini gücləndirib.

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun (IISS) hesabatına görə, Rusiya Avropada təxribat xarakterli əməliyyatlarını intensivləşdirib. Belə ki, Avropanın kritik infrastrukturunu hədəf alan hücumların sayı 2023-cü ildən bəri təxminən dörd dəfə artıb.

IISS-nin araşdırmasının nəticələri mətbuatda müvafiq məsələ ilə bağlı artmaqda olan məlumatlar, ittiham aktları və kəşfiyyat xəbərdarlıqları ilə üst-üstə düşür. Bu məlumatlarda Moskvanın Avropada sabitliyi pozmağa yönəlmiş gizli təxribat və müşahidə əməliyyatlarını prioritetə çevirdiyi iddia olunur.

"Rusiya indiyədək əsas məqsədinə nail ola bilməsə də, Avropa paytaxtları Rusiyanın təxribat əməliyyatlarına cavab verməkdə çətinlik çəkib və vahid cavabı razılaşdırmaqda, addımları koordinasiya etməkdə, effektiv çəkindirmə tədbirləri hazırlamaqda və (əməllərinə görə) Kremlə kifayət qədər bədəl ödətməkdə çətinliklə üzləşib", - Londonda yerləşən analitik mərkəzin hesabatında deyilir.

Rusiyanın ittiham olunduğu hibrid hücumların əhatə dairəsinə yanğınların törədilməsi, gəmilərin sualtı rabitə kabellərini zədələdiyi insidentlər, GPS peyk naviqasiya siqnallarının pozulması və kompüter infrastrukturuna müdaxilələr daxildir.

Avqustun 19-da yayılan hesabatda bildirilir ki, hədəflərin böyük əksəriyyəti Ukraynadadır və həmçinin Avropanın Ukraynaya hərbi və digər mülki texnika dəstəyi göstərmək səyləri ilə bağlıdır. İnsidentlərdəki artım 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı başlatdığı tammiqyaslı işğal müharibəsi ilə üst-üstə düşüb və 2023-2024-cü illərdə pik həddə çataraq dörd dəfə artıb.

"İnsanları özlərindən xəbərsiz əməliyyatlara cəlb ediblər"

Hesabat həmçinin 2025-ci ilin ilk yarısında hücumların səngidiyini qeyd edib, ancaq bunun səbəbləri aydın deyil.

Avropa və digər Qərb hökumətləri diplomatik status altında işləyən onlarla rusiyalı kəşfiyyat zabitini ölkədən çıxarıb. Bu isə Rusiyanın müvafiq qurumlarını bəzi hallarda insanların özündən xəbərsiz şəkildə onları əməkdaşlığa çəkərək proksi və ya muzdlu kimi əməliyyatlara cəlb etməyə məcbur edib.

Ötən ay Britaniya məhkəməsi Ukraynaya göndərilən avadanlıqların saxlandığı London anbarını yandırmaqda təqsirləndirilən üç nəfər barədə hökm çıxarıb. Prokurorlar bildirib ki, bu plan Rusiyanın "Vaqner" özəl muzdlu hərbi şirkətinə bağlı əməliyyatçılar tərəfindən hazırlanıb.

Başqa bir insidentdə üç ukraynalı Britaniyanın baş naziri Kir Starmerlə əlaqəli mülkləri yandırmağa cəhddə ittiham olunub.

Hesabatda deyilir: "Rusiya hüquq sistemlərindəki boşluqlardan istifadə edərək məsuliyyətdən yayınır. 2022-ci ildən və Avropa paytaxtlarından yüzlərlə kəşfiyyat əməkdaşının qovulmasından sonra Rusiya Avropa əks-kəşfiyyat tədbirlərini aşmaq üçün üçüncü ölkə vətəndaşlarını onlayn işə cəlb edərək son dərəcə effektiv olub".

Rusiya rəsmiləri, hələlik, hesabata reaksiya verməyib.

Hesabatda deyilir ki, Rusiyanın gizli təxribat kampaniyası ilə bağlı narahatlıqlar olsa da, Avropa hökumətləri kritik infrastruktur üçün təhlükəsizlik sistemlərinə kifayət qədər sərmayə qoymayıblar.

"NATO-ya üzv dövlətlərin bəziləri Rusiyanın qeyri-ənənəvi (hibrid) müharibəsini NATO ilə mümkün hərbi qarşıdurmaya uzunmüddətli hazırlığın bir hissəsi kimi qiymətləndirir", - sənəddə qeyd olunub.

Yazını AzadlıqRadiosunun aparıcı beynəlxalq jurnalisti Mayk Ekkel hazırlayıb.