Azərbaycanla kommunikasiya xətləri açılarsa, Nikol Paşinyan İrana Qara dənizə çıxış vədi verir. O, bunu avqustun 19-da İran prezidenti Məsud Pezeşkianla görüşündə deyib. Bildirib ki, Azərbaycanla kommunikasiyaların açılması Ermənistanla İranın dəmiryol əməkdaşlığına təsir edəcək, məsələn, Culfa-Naxçıvan dəmir yolu ilə İranın Ermənistana, oradan da Qara dənizə çıxışı ola bilər.
İqtisadçı Natiq Cəfərli deyir ki, Ermənistan baş nazirinin qeyd etdiyi yol Sovet dönəmində paylayıcı qovşaq olub, Ermənistandan da, Azərbaycandan da gələn yüklər oradan keçib: "Paşinyan onu demək istəyir ki, onsuz da Azərbaycan ərazisi də bu işin içində olacaq. Hətta İrandan Qara dənizə yol açılsa, o yol Culfadan keçəcəksə, o yolun bir hissəsi Azərbaycanın nəzarətində olacaq... Yəni, bu yol ilə Azərbaycanı da maraqlandırmağa çalışır... Paşinyanın dediyinin tərcüməsi budur: Azərbaycan Culfada nəqliyyat xətlərinə, Ermənistan Zəngəzurda (Ermənistanın Sünik vilayətində) yola nəzarət edəcəksə, bu, qarşılıqlı asılılıq yaradacaq. Biz orada sizə mane olmayacağıq, siz də burada bizə mane olmayacaqsınız".
N.Cəfərli əlavə edir ki, Gürcüstandan dəmiryol infrastrukturunu İran sərhədinə qədər uzatmaq, yolların yenidən qurulmasının özü çox milyardlıq layihədir. Bu baxımdan, o, bu ideyanın asanlıqla reallaşacağını düşünmür.
Sizin brauzer HTML5-i dəstəkləmir
Kreml əvəzinə Ağ ev: 'TRIPP elə 'Zəngəzur dəhlizi' deməkdir'
"Belə bir yol yoxdur"
Siyasi şərhçi Rauf Mirqədirovun fikrincə isə, əgər nə vaxtsa İran sanksiyalardan xilas olsa, bu onun üçün yaxşı olardı. Ancaq indi real olan odur ki, ortada belə bir yol hazırda yoxdur, bu, heç aktual da deyil.
Mirqədirov bildirir ki, İran "Tramp marşrutu" adlandırılan, Azərbaycanla Naxçıvanı birləşdirəcək yolun açılmasından blokadaya düşmə ehtimalına görə narahatdır: "İranla normal münasibətlərin qorunub saxlanacağına İran prezidentini əmin etmək və Sünik vilayətindən keçəcək yolun çəkilməsindən İrana heç bir təhdid olmayacağını göstərmək istəyir. Əksinə, İranın gələcəkdə həmin yolun çəkilməsindən xeyir götürə biləcəyini də göstərmək istəyir".
Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri iki ölkə arasında kommunikasiyaların açılması, eləcə də Ermənistandan keçərək Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək maneəsiz keçid təminatı öhdəliklərinə imza atıblar. Ermənistanın Sünik vilayətindən keçəcək "Tramp marşrutu" da bu razılaşmalarda nəzərdə tutulub ki, İran ABŞ-nin bölgəyə cəlb edilməsindən narahat olduğunu dilə gətirib.
Ermənistan və İran liderləri arasında keçirilən görüş və danışıqlara baxmayaraq, İranın narahatlıqları hələ də aradan qalxmamış görünür. Avqustun 19-da Pezeşkian X sosial şəbəkə hesabında yazıb: "Ortaq sərhədimizdə üçüncü qüvvələrin mövcudluğu ilə bağlı narahatlıqlarımız aradan qaldırılmalıdır".
AzadlıqRadiosunun erməni xidmətinə müsahibə verən siyasi şərhçi Akop Badalyan hesab edir ki, Paşinyanın şifahi zəmanətləri İranı qane etməyəcək və İran müəyyən mexanizmlər, institusional təminatlar almağa çalışacaq: "Bu təminatlar praktik olaraq Ermənistan-İran münasibətlərini daha da dərinləşdirən yeni sənədlər olmalıdır".