Tramp: Putin Zelenski ilə görüşə razılıq verib
Rusiya prezidenti Vladimir Putin avqustun 18-i gecə telefon danışığı zamanı Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyə razılıq verib. Bu barədə "Fox News"a onunla zəngləşən ABŞ prezidenti Donald Tramp bildirib.
Tramp deyib ki, Putin və Zelenski "bir-birləri ilə əvvəl düşündüyündən bir az daha yaxşı yola gedirlər" və buna görə də əvvəlcə təkbətək, daha sonra onunla danışıqlar aparacaqlar. "Hərçənd, mən onların nə vaxtsa yaxşı dost olacağını deməzdim", - o əlavə edib.
"Ümid edirəm ki, Putin özünü yaxşı aparacaq", - Tramp deyib. "Əks təqdirdə çətin vəziyyətə düşəcəyik".
"Ukrayna növbəti danışıqlar üçün şərt kimi atəşkəsdə israr etməyəcək" - Zelenski.
Tramp Putin-Zelenski görüşünə hazırlığa başladı
D.Tramp Putin və Zelenski arasında mümkün görüş üçün hazırlıqlara başladığını bildirib.
Görüşün yeri daha sonra müəyyənləşdiriləcək, - o, "Truth Social" hesabında yazıb.
Vurğulayıb ki, Rusiya və Ukrayna prezidentlərinin danışıqlarından sonra onun iştirakı ilə üçtərəfli görüş keçiriləcək.
Tramp Putinə zəng etdi
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. O, təxminən 40 dəqiqə davam edib, - bu barədə Putinin köməkçisi Yuri Uşakov məlumat verib.
Tramp Putini Ağ evdə Ukrayna prezidenti Volodimir Zelenski və Avropa ölkələrinin liderləri ilə danışıqları barədə məlumatlandırıb.
Uşakovun sözlərinə görə, söhbət zamanı liderlər Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqlara dəstək ifadə ediblər. Həmçinin bu danışıqlarda Moskva və Kiyev nümayəndələrinin səviyyəsinin yüksəldilməsi ideyasını müzakirə ediblər.